Yumurtalıq kistaları: nə vaxt təhlükəlidir və nə vaxt əməliyyat lazımdır?

Yumurtalıq kistası yumurtalıqda və ya onun səthində yaranan maye ilə dolu kisəcikdir. Kistalar çox yayılmışdır və əksəriyyəti zərərsizdir. Lakin bəzi hallarda müalicə və ya əməliyyat tələb olunur.
Kistaların növləri
Funksional kistalar (follikulyar və sarı cisim kistası) – menstrual dövrlə bağlıdır və adətən 1–3 dövr ərzində öz-özünə keçir
Endometrioma – endometrioz zamanı yaranan, içi qəhvəyi maye ilə dolu kista
Dermoid kista – müxtəlif toxumalardan ibarət xoşxassəli törəmə
Sistadenomalar – adətən xoşxassəli, amma böyük ölçülərə çata bilən kistalar
Hansı əlamətlər diqqət tələb edir?
Kiçik kistalar çox vaxt əlamət vermir. Böyük kistalar qarının aşağı hissəsində ağırlıq, birtərəfli ağrı və köp yarada bilər. Qəfil, çox güclü qarın ağrısı, ürəkbulanma və qusma kistanın burulmasının və ya partlamasının əlaməti ola bilər. Bu, təcili yardım tələb edən vəziyyətdir.
Diaqnoz
Əsas müayinə ultrasəsdir. Ultrasəs kistanın ölçüsünü, quruluşunu və içindəkini qiymətləndirməyə imkan verir. Lazım olduqda CA-125 kimi qan analizləri, xüsusən menopauzadan sonra, və MRT təyin edilir.
Nə vaxt əməliyyat lazımdır?
Kista bir neçə menstrual dövrdən sonra keçmirsə və ya böyüyürsə
Kista böyük ölçüdədirsə və ya şikayət yaradırsa
Ultrasəsdə şübhəli əlamətlər varsa
Menopauzadan sonra mürəkkəb quruluşlu kista aşkarlanıbsa
Burulma və ya partlama baş veribsə
Əksər hallarda əməliyyat laparoskopiya ilə aparılır. Mümkün olduqda yalnız kista çıxarılır, yumurtalıq isə qorunur. Bu, xüsusən hamiləlik planlaşdıran qadınlar üçün vacibdir. Şübhəli kistalarda əməliyyatın onkoginekoloq tərəfindən aparılması tövsiyə olunur.
Ətraflı oxuyun: Laparoskopiya nədir? · Laparoskopiyadan sonra bərpa
Qeyd: Bu məqalə yalnız məlumat xarakterlidir və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə üçün mütəxəssisə müraciət edin.




Yorumlar