HPV testi və PAP-smear: fərqi nədir və nə vaxt edilməlidir?

Uşaqlıq boynu xərçənginin qarşısını almaq üçün iki əsas skrininq müayinəsi var: PAP-smear (sitoloji müayinə) və HPV testi. Hər ikisi uşaqlıq boynundan götürülən yaxma ilə aparılır, amma fərqli şeyləri yoxlayır.
HPV testi və PAP-smear bir-birini tamamlayır. HPV testi riski erkən göstərir, PAP-smear isə hüceyrə səviyyəsində dəyişikliyin olub-olmadığını aşkarlayır. Nəticələrdən biri anormal olarsa, onkoginekoloq növbəti addım kimi kolposkopiya təyin edə bilər.
PAP-smear nədir?
PAP-smear uşaqlıq boynu hüceyrələrinin mikroskop altında müayinəsidir. Bu test hüceyrələrdə artıq yaranmış dəyişiklikləri – anormal və ya şişönü hüceyrələri aşkarlayır.
HPV testi nədir?
HPV testi uşaqlıq boynunda yüksək riskli insan papillomavirusunun olub-olmadığını yoxlayır. Yəni bu test hüceyrə dəyişikliyini deyil, dəyişikliyə səbəb ola biləcək virusu aşkarlayır. Bir çox testlər virusun 16 və 18-ci tiplərini ayrıca da göstərir.
Hansı daha yaxşıdır?
HPV testi şişönü dəyişiklikləri aşkarlamaqda daha həssasdır. Ona görə Ümumdünya Səhiyyə Təşkilatı və bir çox beynəlxalq qurumlar 30 yaşdan sonra əsas skrininq üsulu kimi HPV testini tövsiyə edir. PAP-smear isə gənc qadınlarda və HPV müsbət nəticədən sonra əlavə yoxlama kimi geniş istifadə olunur. Bəzən iki test birlikdə aparılır.
Nə vaxt və hansı intervalla?
Tövsiyələr ölkəyə görə bir qədər fərqlənir. Ümumi yanaşma belədir:
20 yaşların ortasından skrininqə başlanır, adətən PAP-smear ilə
30 yaşdan sonra HPV testi əsas müayinə kimi tövsiyə olunur
Nəticələr normaldırsa, HPV testi adətən 5 ildən bir təkrarlanır
Əvvəllər anormal nəticəsi olanlar daha tez-tez yoxlanılır
Sizin üçün uyğun interval yaşınıza, əvvəlki nəticələrinizə və risk amillərinizə görə həkim tərəfindən müəyyən edilir.
Hazırlıq
Testi menstruasiya qanaxması olmayan günlərdə edin
Müayinədən 24–48 saat əvvəl cinsi əlaqədən, vaginal dərmanlardan və duşlamadan çəkinin
Nəticələr nə deməkdir?
HPV mənfi, PAP normal
Risk çox aşağıdır və növbəti skrininq həkimin tövsiyə etdiyi vaxtda aparılır.
HPV müsbət, PAP normal
Bu, xərçəng olduğunu göstərmir. Çox vaxt bir ildən sonra təkrar test tövsiyə olunur. 16 və ya 18-ci tip aşkarlanıbsa, həkim kolposkopiya təyin edə bilər.
PAP anormal
Dəyişikliyin dərəcəsinə görə kolposkopiya və ya təkrar müayinə təyin olunur.
Skrininq vaxtınız çatıbsa və ya nəticələrinizi dəyərləndirmək istəyirsinizsə, onkoginekoloqla görüş təyin edin.
Qeyd: Bu məqalə yalnız məlumat xarakterlidir və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə üçün mütəxəssisə müraciət edin.




Yorumlar